Cavid Qurbanov: "Yeni nazirlər effektiv işləməyə başlayıb, imkan verin görək necə işləyəcəklər"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub.
APA TV-nin məlumatına görə, müzakirələrdə iştirak edən millət vəkili Əli Məsimli büdcə ilə başlı iştirakçılara sual ünvanlayıb.
Deputat qeyd edib ki, Azərbaycan büdcəsindən səhiyyə üçün ayrılan vəsait normativdən azdır:
"Azərbaycanda səhiyyə inkişaf edir. Dövlət büdcəsindən beynəlxalq normalardan çıxış eləsək dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait normativdən aşağıdır. Mən təəccüb edirəm ki, bir qayda olaraq hər il səhiyyəyə ayrılan vəsait işlənməmiş qalır?"
Komitənin iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib ki, neftin bahalaşması məsələsi büdcədə prioritet olmamalıdır:
"Biz qeyri-neft sektorunu, nəqliyyat sektorunu, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”.
Cavid Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir.
“Yeni nazirlər effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar normal qaydada işləyirlər. Burada fiziki şəxslərdən verginin yığılmasında problemlərin olduğu dilə gətirildi. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Odur ki, mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm”.
Cavid Qurbanov əlavə edib ki, hamı vergi vermək istəyir:
“Vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”.
Kənd təsərrüfatının inkişafından danışan deputat deyib ki, bu gün bu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə bir gənc kadr təyin ediblər.
“İmkan verək görək necə işləyəcək. Bu gün ölkədə nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün infrastruktur yaradılır. Gömrük Komitəsinə yeni rəhbərliyin təyinatından sonra bu sahədə də müsbətə doğru ciddi dəyişiklik baş verib. Ümumiyyətlə, maliyyədən düzgün istifadə edilməlidir. Çünki Maliyyə Nazirliyi bir kassadır. Ora nə qədər vəsait daxil olacaqsa, nazirlikdə o formada bölüşdürüləcək. Odur ki, maliyyədən istifadə zamanı Allah bizə insaf versin ki, ondan düzgün istifadə edək”.
Müzakirələr davam edir.