FHN hərbi hissəsində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində tədbir keçirilib. Tədbirdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya Dəstəsinin əməkdaşları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əsgər və zabitləri salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının 100 illiyi münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib.

Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə geniş nəzər salan M. İsmayılov qeyd edib ki, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Natiq bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən respublikamız məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.

Daha sonra, Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Təhsil məsələləri sektorunun baş məsləhətçi tarix üzrə fəlsəfə doktoru Rüfət Quliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı danışaraq cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıb.

Tədbir konsert proqramı ilə davam edib, sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

Müəllif | Apa.Tv
Almaz Qasımova