Nikolas Maduro ABŞ diplomatına 48 saat vaxt verdi: "Ölkəni tərk et!"

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karakasdakı müvəqqəti işlər vəkili Todd Robinsona ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.  APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Venesuela prezidenti televiziya vasitəsilə etdiyi açıqlamasında T.Robinson və onun köməkçisi Brayan Naranconu Venesuela hökumətinə qarşı çıxmaqda günahlandırıb və ölkədən getmələrini tələb edib.

Ancaq rəsmi Vaşinqton Maduronun açıqlamasına hələlik bir münasibət bildirməyib. Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Venesuelada keçirilən prezident seçkilərində saxtakarlığa yol verildiyi iddiası ilə seçki nəticələrini qınadıqlarını bildirib.

Qeyd edək ki, mayın 20-də keçirilmiş səsvermənin nəticələrinə əsasən, 6,19 milyon seçici Nikolas Maduronun namizədliyini dəstəkləyib. Bu gün isə o, rəsmi olaraq Venesuelanın 2019-2025-ci illər üzrə yeni prezidenti elan olunub. Müvafiq vəsiqə Nikolas Maduroya bu gün Milli Seçki Şurasının binasında təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv