Astara sakinlərinin əkdiyi kartof və sarımsağı oğurladılar
Astarada əkin sahəsindən kartof və sarımsaq oğurlanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, oğurluq faktı bir neçə gün bundan əvvəl rayonun Ərçivan kəndində, fermer Məzahir Qasımovun kartof sahəsində qeydə alınıb.
M.Qasımov deyir ki, özü işə getdiyi üçün kartof şitillərini həyat yoldaşı və oğlu becərirmiş. Onlar da günorta saatlarında sahəyə gəldikdə 150 kiloqrama yaxın kartofun torpaqdan çıxarılaraq oğurlandığını görüb. Fermerin sözlərinə görə, sahədə toxumluq üçün 60 kq kartof əkib:
"Yoldaşım hər gün gəlirdi bura dəyib gedirdi. Günorta vaxtında gəlib baxıb görüb ki, kartofu çıxardıb aparıblar. Sonra mənə zəng vurub dedi ki, kartofu aparıblar. Belə bir oğurluq keçən il də mənim başıma gəlib, bundan da çox kartof oğurlamışdılar".
Digər bir Ərçivan kənd sakini Püstə Baxşıyevanın da başına oxşar hadisə gəlib. Naməlum şəxs və ya şəxslər P.Baxşıyevanın əkin yerindən isə 50 kq sarımsaq oğurlayıb:
"100 kq sarımsaq əkmişəm, ondan 50 kq-nı aparıblar. Mən onu 7 manatdan alıb əkmişəm".
Hər iki kənd sakini başlarına gələnlərlə bağlı Astara Rayon Polis Şöbəsinə məlumat verib. Hadisəyə görə hələlik saxlanılan yoxdur.