Velosipeddən yıxılan Lerik sakini ağır xəsarət alıb
Lerikdə bədbəxt hadisə baş verib, velosipeddən yıxılan gənc ağır xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə zamanı rayon sakini, 25 yaşlı Qurbanlı Ədalət Hacırza oğlu enişlə velosiped sürərkən müvazinətini itirib və velosipedlə qonşunun dəmir qapısına dəyib.
Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə.Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə.Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub.
"Təcili surətdə xəstə baş-beyin kompüter tomoqrafiyasına göndərildi və kompüterin nəticəsində kəllə sümüklərində çoxsaylı sınıqlar, qəlpəli sınıqlar aşkarlandı. Xəstənin beynində hemotoma var. Hazırda xəstənin vəziyyəti ağırdır, tənəffüsündə çətinləşmə yarandığı üşün xəstə süni nəfəs aparatına qoşulub", - deyə xəstəxananın həkimi Hikmət Əliyev bildirib.
Hazırda 25 yaşlı Ə.Qurbanlının müayinə və müalicələri həkim nəzarəti altında davam etdirilir.