Feysal Mikdad: "Rusiya və İran Suriyada qalmalıdır, Türkiyə isə işğalçıdır"

"Rəsmi Dəməşqin gündəmində İran hərbçilərinin və "Hizbullah"ın Suriya ərazisindən çıxarılması məsələsi yoxdur".

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Suriyanın xarici işlər nazirinin müavini Feysal Mikdad deyib.

O əlavə edib ki, həmin qüvvələrin ölkə ərazisində qalması Suriyanın suverenliyinin qorunması üçün vacibdir: "Biz heç kəsə bu məsələni gündəmə belə gətirməsinə icazə vermirik. Bunu tələb edənlər Rusiya istisna olmaqla hazırda ölkənin müəyyən yerlərində varlığını qoruyan terrorçuları dəstəkləyənlərdir".

Diplomat bu illər ərzində Suriya hökumətinə və xalqına dəstək verdiyi üçün Rusiya, İran və "Hizbullah"a xüsusi təşəkkür bildirib və bu qüvvələri ölkəyə məhz rəsmi Dəməşqin dəvət etdiyini vurğulayıb: "ABŞ, Fransa, Türkiyə və bir neçə digər ölkənin hərbi kontingenti bizim ölkəmizə təcavüz edib, onlar işğalçıdır və terrorçuları dəstəkləyirlər". 


Donald Trampın ABŞ hərbçilərini Suriya ərazisindən çıxaracağı və yerinə bu ölkədə Ərəb Qüvvələri adı altında hərbi kontingent yaradacağı ilə bağlı açıqlamalara toxunan Feysal Mikdad bu planın bölgədə dəhşətli müharibəyə səbəb olacağını bildirib: "Vaşinqton ərəb ölkələri ilə Dəməşqi və onun müttəfiqlərini üz-üzə qoymaq niyyəti güdür. Donald Trampın bəyanatından sonra isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Qətərin mütləq Suriyaya ordu göndərməli olduğunu deyib. O, əks təqdirdə Qətərin ABŞ hərbi yardımından məhrum olacağını önə çəkir və bu baş verərsə, rəsmi Dohanı ölkədə hakimiyyət dəyişikliyi ilə hədələyir".

Diplomat son nəticədə ABŞ-ın ordusunu Suriyadan çıxaracağına inanmadığını dilə gətirib: "Əsas plan ərəb ölkələrindən əlavə maliyyə əldə etmək, ABŞ-ın boşalmaq üzrə olan büdcəsini bunun hesabına doldurmaq və ərəb ölkələrini yeni müharibələrə cəlb etmək üçündür. Ərəblər bir-birini öldürməməlidir".


 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı