Anar Bağırov: "İlin sonuna kimi vəkillərin sayı 1500 nəfəri ötəcək"
"Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandığı ilk dövrdən istər elmə, istərsə də qanunvericilik məsələsinə böyük önəm verib".
APA TV-nin məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AXC-nin yaranmasının 100 illiyi və vəkilliyə namizədlərin andiçməsi ilə bağlı mərasimdə bildirib.
O deyib ki, cümhuriyyət hökumətində təmsil olunan şəxslərin əksəriyyəti hüquq təhsili alıb. Kollegiya sədri deyib ki, bu gün vəkilliyə qəbul olunacaq 87 nəfərlə birlikdə ölkədə vəkillərin sayı 1100 nəfəri ötüb: "Mən hesab edirəm ki, bu proses bundan sonra da davam edəcək. May ayı bizim üçün çox uğurlu bir ay olub, Vəkillər Kollegiyası üzvlərinin sayı xeyli artıb. Kollegiya bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək və ümid edirik ki, ilin sonuna kimi vəkillərin sayı 1500 nəfəri ötəcək".
Kollegiya sədrinin müavini Aydın Axundov isə AXC-nin 23 aylıq mövcudluğu dövründə qanunvericilik sahəsində görülən işləri təhlil edib: "Demokratik hüquq və azadlıqların bərqərar olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizamlı milli ordumuzun, təhlükəsizlik strukturlarının qurulması AXC hökumətinin yürütdüyü siyasətin miqyası, mahiyyət və mənasını səciyyələndirir".
Tədbirin sonunda yeni vəkillər and içib və onlara Vəkillər Kollegiyasının üzvlük vəsiqələri təqdim olunub.