Sabah paytaxtda havanın hərarəti 30 dərəcəyə çatacaq
Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Abşeronda şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.