Polis rəisi: "Narkoman üçün müqəddəs heç nə yoxdur"

Sabunçu qəsəbəsindəki 311 nömrəli tam orta məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə 100-dən çox müəllim və şagird, valideyn, Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) zabit heyəti, Rayon İcra Hakimiyyəti (RİH) və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib.

 

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.

 

Çıxış edənlər narkomaniyanın yayılma səbəbləri, törətdiyi təhlükələr, narkomaniyaya qarşı mübarizə haqqında şagirdləri məlumatlandırıb: "2018-ci  ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkarlanıb ki, onlardan 304-ü satış məqsədi ilə, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik bitkiləri kultivasiya etmə,  13 isə digərləri təşkil edib".

 

"Biz mütləq şəkildə narkotiklər haqqında həqiqəti açıqlamalıyıq. Hər kəs düşmənini tanımalıdır. Biz düşmənimizi bilməsək onunla istədiyimiz kimi mübarizə apara bilmərik. Onunla üzbəüz qaldıqda təbii ki, məlumatsız şagird, yeniyetmə və gənc narkotik vasitəni təklif edən şəxsin təsirinə düşə bilər".

 

"Narkomaniya dünyada çox geniş yayılmış qlobal problemlərdən biridir. Dünyada 2 milyondan artıq narkotik vasitə istifadəçisi var. Respublikamızda rəsmi qeydiyyatda olan şəxslərin sayı 30 minə yaxındır. Qeydiyyatda olmayanlar isə çoxdur".

 

"Bu gün ailələrin dağılması, gənc insanların intiharı, baş vermiş cinayətlərin 70-80 faizi narkomaniyaya qurşanmış insanların əməlləridir. Narkotiki həzz almaq üçün qəbul etmirlər. Onlar səhər durub ağrıdan-əzabdan qurtulmaq üçün çıxış yolu axtarırlar. Burda heç bir müqəddəslik ola bilməz. Valideyn, ana, bacı, qonşu, istənilən adamı aldada bilərlər, təcavüz edə bilərlər".

 

Sonda şagirdlərin və valideynlərin suallarına cavab verilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı