Təhsil Nazirliyi I sinfə qəbulla bağlı açıqlama verib

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi yekunlaşıb.

 

APA TV-nin məlumatına görə, Təhsil Nazirliyinin pedaqoji işçilər üçün elan etdiyi müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 823 layihə təklifi daxil olub: "27 layihə texniki ekspertizadan keçməyib. 639 fərdi layihə, 211 ümumtəhsil məktəbi layihə ilə müraciət edib. Nəticə etibarilə, fərdi kateqoriya üzrə 125, ümumtəhsil müəssisələri üzrə 41 layihənin maliyyələşdirilməsinə qərar verilib. Bəzi layihələr ilin sonuna kimi, bəziləri isə növbəti təqvim ilində icra olunacaq".

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə ümumi təhsil müəssisələrinin I sinfinə qəbulla bağlı açıqlama verib. O, bildirib ki, qəbul prosesi şəffaf keçirilib. Bununla bağlı hər hansı şikayət daxil olmayıb: "Ümumilikdə 57 minə yaxın sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5589, Gəncə şəhəri üzrə 3752, Sumqayıt şəhəri üzrə 5227 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır. I sinfə gedəcək şagirdlərin 90 faizi elektron qeydiyyatdan keçib".

 

Bakı şəhəri üzrə isə I sinfə qəbul üçün 41 701 sorğu yerləşdirilib. Onlardan 38263-ü ümumi təhsil məktəblərinə, 3438-i isə lisey və gimnaziyalara aiddir.

Məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşağın I sinfə qəbulu  avtomatik qeydə alınıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli