FHN işçilərinin Həmkarlar İttifaqı Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir keçirib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini - tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri, qurumlarda fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

 

Dövlət himni səsləndikdən sonra, tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. O qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etmiş, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verib, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı qəbul olunub, himni və gerbi hazırlanıb. Natiq vurğulayıb ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlanıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları isə Cümhuriyyətin tariximizdəki mövqeyinə verilən böyük dəyərin real nümunəsidir.

 

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə bağlı fikirlərini bildirmiş, bu əlamətdar tarixin əhəmiyyətindən danışıb.

 

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilib və nəticədə 20-ci əsrin sonlarında ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncamı isə dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsidir. E. Mirzəyev qeyd edib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətinin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.

 

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən həmkarlar ittifaqına yaxından göstərdikləri diqqət və qayğıya görə Fövqəladə Hallar Nazirliyi Aparatının bir qrup Baş İdarə və idarə rəisləri, bir sıra qurum və regional mərkəzi rəisləri, həmçinin nazirliyin aparatı və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş 100 nəfər əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

 

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi dirijor Cavad Tağı-Zadənin və Xəzər Universitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestrinin Azərbaycan bəstəkarlarının bəstələrindən ibarət əsərləri dinlənilib. 

Müəllif | Apa.Tv
Nigar Həsənli