Yolu, məktəbi, qazı, işığı, suyu qəsəbə - Dəvədabanı
Qubanın mərkəzindən cəmi 1 km aralıda yerləşən və 1994-cü ildə salınan Dəvədabanı yaşayış massivində bir çox sosial problem həllini gözləyir. Yaşayış məntəqəsinə içməli su xətti çəkilsə də, sakinlər indiyədək su üzünə həsrət qalıb. Onlar içməli su əldə etmək üçün müəyyən məsafə qət etmək məcburiyyətindədir. APA TV-nin xəbərinə görə, qışda burda yaşayanların istiliklə də bağlı problemləri olur. Sakinlərdən Leylansar Nəcəfova deyir ki, oduna 200 manat verməyə imkanları yoxdur. Cəbrayıl Rzayev isə təbii qazla yanaşı, su və yol sarıdan da problemin olduğunu söyləyib.
Yaşayış məntəqəsində daha bir problemi isə məktəblə bağlıdır. 1000-ə yaxın fərdi evin olduğu Dəvədabanıda şagirdlərin təhsil alacağı məktəb binası yoxdur. Quba şəhərindəki məktəblər uzaqda yerləşdiyindən valideynlər övladlarını həmin təhsil müəssisələrinə buraxmırlar.
Quba rayon icra hakimiyyətində də məsələdən xəbərdardılar. İcra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov bildirib ki, bununla bağlı artıq müvafiq təşkilatlar qarşısında məsələ qaldırılıb: "Proqram tərtib olunub. Buna uyğun olaraq, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin tikintisi, yolun salınması, eyni zamanda 2014 cu ildə qaz sisteminin çəkilməsi yeni laihəyə salınıb".
Yusif Abidovun sözlərinə görə, 2014-cü ildən Dəvədabanıdakı sosial problemlərin həlli istiqamətində işlərə start veriləcək.