Kanalın gözü tutuldu, əkin sahələri susuz qaldı - XAÇMAZDA SU PROBLEMİ
Xaçmazın Qaraçaycek kəndinin sakinləri suvarma suyu sarıdan əziyyət çəkir. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, kəndlilər 20 günə yaxındır ki, sahələrini suvarmaq üçün su tapa bilmirlər.
Kənd sakini Vüqar Ramazanov kanalda su olmadığını deyir:
"20 sot ərazidə pomidor əkmişəm. Artıq bu vaxta qədər 4-5 dəfə su verilməli idi, amma suyun azlığı buna imkan vermir. Samur kanalında su var. Amma bizim tərəfə gələn qola ağac düşüb, ona görə su gəlmir. Sakinlər çıxara bilmir. Artıq neçə dəfə cəhd edilib. Ancaq buna böyük texnika və Samurun suyunun azalması lazımdır ki, onu çıxaraq".
Kənd sakini Tural Əhmədovun sözlərinə görə, bu problem 20 gün əvvəl başlayıb:
"20 gündür bu problem var. Bizə gələn çıxış tutulub. Bağların suyunu kəsmişik, çünki tərəvəzin suyunu kəsmək olmaz. 3 dəfə sulamışıq, amma 6 dəfə suvarılmalı idik".
Yerli sakin Hacıbala Mirzəyevin sözlərinə görə, problem həll olunmasa, əkin sahələri məhv olacaq:
"20 gündür əkmişik. Bir dəfə sulamışıq, su yoxdur. Suvarmadın, heç nə. Ora nə düşübsə, çıxara bilmirlər. Bir dəfə çıxarıblar, su vermişik. Dünən icrada olmuşuq, gəlib bir az işlədirlər. Az su gəldi, dedilər gedin suvarın. Nə isə düşüb kanalın gözünə".
Xaçmaz suvarma sistemləri idarəsindən həmin ərazinin onların balansında olmadığını, buna baxmayaraq əraziyə texnika cəlb olunduğunu və yaxın zamanda problemin həll ediləcəyini bildiriblər.