FHN Akademiyasında Cümhuriyyətin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçiliyimizin parlaq sahələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirib.

 

O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verərək qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bir çox uğurlara imza atıb, mühüm nailiyyətlər əldə edib. Lakin yaranmasının 2 ili tamam olmamış, 1920-ci il aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Şərqin ilk demokratik müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti süqut edib.

 

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı yenidən öz müstəqilliyini elan etsə də həmin dövrdə hökm sürən anarxiya, xaos və hakimiyyətsizlik Azərbaycan üçün böyük təhlükə, müstəqilliyin itirilməsi təhlükəsi yaradıb. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qalxmış, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də ölkəmizin çiçəklənməsi yolunda inamlı addımlar atıb.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb siyasi şəraitdə müsəlman Şərqində ilk demokratik hüquqi, dünyəvi dövlətin 23 ay ərzində mühüm islahatlar həyata keçirdiyini qeyd edib. Millət vəkili müstəqillik yolunda qazandığımız uğurlardan bəhs edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin 80 illiyinin, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, həmçinin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu tarixi fakta dövlət səviyyəsində ehtiramın nümunəsidir.

 

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş video-çarx nümayiş olunub.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı