İşçi mağaza sahibini öldürdü - SUMQAYITDA DƏHŞƏTLİ QƏTL
Sumqayıtda qətl törədilib. APA TV-nin verdiyi xəbərə görə, qanlı hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığındakı ərzaq mağazasında baş verib.
Hələlik açıqlanmayan səbəbdən mağazanın sahibi Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. Hadisənin şəxsi münasibətlər səbəbindən törədildiyi deyilir.
Ağır xəsarət alan V.Quliyev yaxınlıqdakı şəxslər tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyi üçün həkimlər onu həyata qaytara bilməyib.
Onu öldürməkdə şübhəli bilinən işçi polis tərəfindən saxlanılıb. Qətli təfərrüatları Sumqayıt şəhər Prokurorluğunda araşdırılır. Faktla bağlı cinayət işi də başlanılıb.