Paytaxtda sürücü avtomobili betona çırpdı - QƏZADAN QAÇMAQ ÜÇÜN
Gecə Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospekti, A.Salamzadə və A.Mustafayev küçələrinin kəsişməsində yerləşən yolötürücü körpünün üstündə qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil körpünün beton divarına çırpılıb. Avtoqəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerində polis əməkdaşları gəlib və müayinələr aparılıb. Məlum olub ki, "Nissan" markalı avtomobilin sürücüsü bundan əvvəl Bakının Yasamal rayonunda yüngül bir qəza törədib və məsuliyyətdən yayınmaq üçün yüksək sürətlə həmin ərazidən uzaqlaşıb. Sonda isə başqa bir hadisə törədərək öz avtomobilinə ziyan vurub.
Faktla bağlı polis araşdırmaları davam edir.