Neft ucuzlaşmaqda davam edir, OPEK yenidən hasilatı azaltmağa hazırlaşır

OPEC-in neft hasilatını növbəti dəfə azaltmaq barədə ideyasını Səudiyyə Ərəbistanından sonra Rusiya da dəstəkləyib.


APA TV-nin m əlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, bu məsələdə Moskvanın mövqeyi Ər-Riyadın mövqeyi ilə üst-üstə düşür.

Nazir hasilatın azaldılmasına nail olmaq üçün gələn həftə neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini deyib. O əlavə edib ki, bu il neftin orta illik qiymətinin 60 dollardan aşağı düşəcəyinə inanmır.

 

ABŞ-da kommersiya neft ehtiyatlarının son dərəcə artması qiymətlərin ucuzlaşmasını sürətləndirib. İki gün əvvəl 80 dollarlıq psixoloji həddi keçən "Brent" neftinin qiyməti bu gün 78,66 dollara düşüb. Ucuzlaşma trendinə girən neft ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabat açıqlandıqdan sonra bir az da dəyərdən düşə bilər. Hesabat bu axşam, birjaların bağlanmasına 5 saat qalmış açıqlanacaq. Buruqların sayında artım olsa, neftin ucuzlaşması bu gün və gələn həftənin ilk günü daha da sürətlənə bilər.

 

Qeyd edək ki, "Brent" nefti ilə paralel olaraq WTI markası da ucuzlaşmaqdadır. Hazırda Qərbi Texas neftinin 1 bareli 70,61 dollardan satılır, iki marka arasındakı anormal hesab olunan fərq isə 8 dollardan çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv