Bakıda silah satmaq istəyərkən ələ keçdi - ƏMƏLİYYAT
Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şahin adlı şəxsin rayonun E. Babayev küçəsində 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “PSM” markalı tapança və içərisində 2 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmir rayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.
Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.