Ağsaqqallar Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib

Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti-100 il" adlı tədbir keçirib.

 

APA TV-nin məlumatına görə, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xalq Cümhuriyyətinin Azərbaycan tarixinin şərəfli səhifəsi olduğunu bildirib.

 

Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyini nəzərə çatdıran F. Heydərov deyib ki, bugünkü müstəqil Azərbaycan 100 il əvvəl yaradılan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır.

 

Akademik Teymur Bünyadov bu gün Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu söyləyib. O qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoyub.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Xalq Cümhuriyyətini quran insanların çox fədakar insanlar olduğunu qeyd edib: "Bu insanlar Xalq Cümhuriyyətini dünyaya tanıtdılar. Dünyaya çatdırdılar ki, Azərbaycan xalqı demokratik bir cümhuriyyət qurub".

 

Tədbir çıxışlarla davam edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı