Azərbaycanda ov mövsümü açıq elan olundu - QAYDALAR

Sabahdan etibarən Azərbaycanda ov mövsümü başlayır.

 

APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, ölkə ərazisində ümumilikdə 219 min hektarlıq ovçuluq təsərrüfatı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ov mövsümünün başlanması ilə əlaqədar müvafiq norma və icazələr bölgüsü hazırdır:

 

“Hər kəs bilməlidir ki, qoruq ərazisində ov etmək olmaz.  Nazirlik tərəfindən qanun pozucularına qarşı sərt tədbirlər görüləcək".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, ovu həftənin şənbə və bazar günü etmək olar. Ovçuluq biletini imtahan verərək müvafiq ekoloji şöbələrdən almaq olar. Yerli və əcnəbi ovçular üçün rüsumlar eynidir. Yaşayış məntəqələrindən 1,5 -2 kilometr uzaqlıqda, hərbi hissələr, sərhəd zonalarının yaxınlığında ov etmək qadağandır:

 

“Ov mövsümünü bəzi cütdırnaqlı heyvanlar üçün, daha dəqiq desək, Dağıstan turu üçün açıq elan edirik. Bu, oktyabrın ilk həftəsinə qədər davam edə bilər. Çöl donuzunu, toyuqkimiləri, su-bataqlıq quşlarını, dovşanlarl mövsüm boyu ovlamaq olar. Ovçular müvafiq icazəni almaqla ov edə bilərlər”.

 

Hikmət Əlizadə bildirib ki, Azərbaycanda təxminən 20-25 min ovçu var. Bu gün mövcud olan ən böyük problem qanunsuz ovdur:

 

“Ötən mövsümdə və bu ilin 3 ayında 300 brakonyer saxlanaraq cərimə olunub.  Eyni zamanda, bu ilin 3 ayı ərzində yeddi xarici vətəndaşı saxlamışıq. Hər biri 2 min manat cərimə olunub və ölkədən çıxarılıb”.

 

Hikmət Əlizadə əlavə edib ki, son 15 ildə brakonyerliyin təsiri ilə hər hansı heyvan növünün kütləvi surətdə azalması müşahidə olunmayıb.

 

Mətbuat konfransında bildirilib ki, nazirlik cərimələrlə bağlı yeni layihə hazırlayır - cəzaların sərtləşdirilməsi, bəzi hallarda cərimələrin 5 dəfə artırılması nəzərdə tutulur. Yeni qərar yaxın aylarla təsdiq olunacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli