ETSN: Azərbaycanda həvəskar balıq ovu qadağan olunmayıb

Yaz və yay aylarında balıqların çoxalma və böyümə dövrü olduğundan ovlanmaları üçün müəyyən qadağalar tətbiq olunur.

 

APA TV-nin məlumatına görə, Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin əməkdaşı İsmayıl Yunusov bildirib ki, qadağalar sentyabrın 1-ə kimi qüvvədədir: "Respublika ərazisindəki bütün su hövzələrində sentyabrın 1-ə kimi balıq ovu qadağandır. Xüsusi mühafizə olunan ərazilərdə, bələdiyyə mülkiyyətində olan ərazilərdə idman və həvəskar balıq ovu qadağan edilir".

 

Sənaye üsulu ilə ovda rüsumlar balıqların növünə və miqdarına görə müəyyənləşir. Nərəkimilərin ovu birmənalı şəkildə qadağandır: "Sintetik saplı ov alətləri çox istifadə olunur. Onların istifadəsi qadağandır. "İDEA" İctimai Birliyinin təşəbbüsü ilə həmin ov alətlərinin ölkəyə idxalı qadağan olunub. Lakin müəyyən ticarət obyektlərində bu alətlərin dövriyyədə olduğu müşahidə edilir. Qanunsuz balıq ovu ilə məşğul olanlara 6 min AZN-ə qədər cərimə tətbiq olunur. Bəzi hallarda iki ilə azadlıqdan məhrumetmə cəzası da ola bilər".

Müəllif | Apa.Tv
Nigar Həsənli