Gəncədə Cümhuriyyət hökumətinin binasında muzey açılıb
Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.
APA TV-nin Qərb bürosunun məlumatına görə, "Xalq Cümhuriyyətinin varisləyirik" devizi altında keçirilən tədbirdə şəhər rəhbərliyi ilə yanaşı müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev, Qaçaq Məmmədqasımın nəvəsi, Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, eləcə də Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları iştirak edib.
Qonaqlar "Azərbaycan Xalq Cümhuriyyəti" muzeyində olub. AXC-nin 100 illiyi münasibəti ilə yenidən qurulan muzeyə baxış keçirilib. 1918-ci ildə müstəqilliyini elan edən AXC-nin Nazirlər Kabineti məhz bu binada fəaliyyət göstərib. 6 otaqdan ibarət olan muzeyin 4 otağında AXC dövrünü əks etdirən eksponatlar nümayiş olunur. Onların içərisində həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar təqdim edilir. Burada AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər nümayiş olunur. Muzeydə Nazirlər Kabinetinin rəhbəri Fətəli Xan Xoyskinin iş otağı xüsusi ilə maraq doğurur.
Qaçaq Məmmədqasımın nəvəsi, Türkiyə Cümhuriyyətinin müdafiə nazirinin müavini Şuay Alpay Gəncədə olduğundan və burada gördüklərindən çox məmnun qaldığını bildirib.