Cümhuriyyətin "Son iclas"ı ekranlara çıxır
"Bakı Media Mərkəzi 5 ildir fəaliyyət göstərir və “Son iclas” filmi mərkəzin ərsəyə gətirdiyi beşinci işdir".
APA TV-nin məlumatına görə, bunu "Son iclas" bədii-sənədli filminin təqdimatına həsr olunan mətbuat konfransında Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev deyib.
Ekran əsəri altı aya çəkilib. Filmin quruluşçu rejissoru Fuad Əlişov, ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu operatoru Rəşad Nuriyevdir.
Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, şirkət ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyir.
Müsəllim Həsənov isə bildirib ki, ssenari yazılarkən bir sıra ölkələrin arxivindən istifadə olunub:
“Əsas diqqəti hakimiyyətin son günlərinə yönəltmək istədik. Bilirsiniz ki, sovet tarixşünaslığı cümhuriyyət tarixi ilə bağlı çoxlu təhriflərə yol verib. Məsələn, belə fikir formalaşıb ki, cümhuriyyət qurucuları hakimiyyəti müqavimətsiz təhvil verdilər. Amma filmdə - məsələn, Yalama yaxınlığında gərgin döyüşü olub- filmdə bu səhnəni canlandırmağa çalışmışıq”
Filmin rejissoru Fuad Əlişov isə qeyd edib ki, bu, onun çəkdiyi ilk tarixi filmdir:
“Mesajlar çoxdur. Məsələn, Qarabağ problemi 20 ilin problemi deyil. Ermənilərin uzunmüddətli planı üzrə gedir. Eyni zamanda regionda olan kataklizmalardan istifadə edib hədəflərini genişləndiriblər”
Filmdə Məhəmməd Əmin Rəsulzadənin yaşlı dövrünü onun nəvəsi Rais Rəsulzadə canlandırıb:
“İlkin versiyada belə bir şey yox idi. Amma Məhəmməd Əmin Rəsulzadənin 1953- cü ildə radiodakı çıxışı ilə bağlı səhnə çəkiləndə ona bənzər heç kimi tapa bilmədik. Rais müəllim layihə ilə tanış olandan sonra razılaşdı”
Filmin xronometrajı 1 saatdır. Qeyd edək ki, Bakı Media Mərkəzi mayın 26-dan etibarən ekran əsərini "CinemaPlus" kinoteatrlar şəbəkəsində üç gün ödənişsiz nümayiş etdirəcək.