Neftin qiyməti həftə ərzində 4 dollar ucuzlaşıb

Həftə ərzində son dörd ilin maksimumunu yeniləyən neftin qiyməti 4 dollar ucuzlaşıb. Həftə ərzində "Brent" markalı neftin qiyməti 80,02 dollara yüksəlsə də, birjaların son ticarət sessiyalarında qiymət 76,19 dollara enib.

 

Qərbi Texas neftinin qiyməti də ucuzlaşıb. Həftənin əvvəllərində qiyməti 72,91 dollara yüksələn WTİ nefti son seansda 67,48 dollara satılıb. Bu həmçinin son iki həftə ərzində qeydə alınan ən aşağı qiymətdir.

 

Qiymətlərin ucuzlaşmasına Rusiya və Səudiyyə Ərəbistanı energetika nazirlərinin görüşünə dair təfərrüatların mediaya sızması səbəb olub. Hər iki ölkə ilin əvvəlindən neftin 17 faiz bahalaşmasına səbəb olan "OPEK+" formatında sazişin şərtlərinin yumşaldılmasını müzakirə ediblər. İrana qarşı sanksiyalar daha da sərtləşdiriləcəyi təqdirdə bu ölkə hasilatı avtomatik olaraq azaldacaq, bazarda yaranan boşluğu isə Rusiya və Səudiyyə Ərəbistanının tutacağı gözlənilir. Bu səbəbdən hər iki ölkə hasilatı kvota çərçivəsindən daha çox artırmağın yollarını müzakirə etməyə başlayıblar.

 

Ucuzlaşmağa təsir göstərən digər həlledici faktor ABŞ-da hasilata cəlb olunan buruqların sayının kəskin artmasıdır. Dünən birjaların son seansları ərəfəsində buruqların sayına dair növbəti həftəlik hesabat açıqlanıb. Hesabata əsasən, həftə ərzində ABŞ-da qaya nefti çıxaran buruqların sayı 15 ədəd artaraq, 859-a çatıb. Bu, 2015-ci ilin martından etibarən qeydə alınan ən yüksək rəqəmdir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd