Kolumbiya NATO-nun qlobal tərəfdaşı statusu alacaq - LATIN AMERİKASINDA İLK
Bir neçə gün sonra Kolumbiya rəsmi olaraq NATO-nun qlobal tərəfdaşı statusunu alacaq. Bu barədə Kolumbiya prezidenti Xuan Manuel Santos öz "Twitter" səhifəsində yazıb. O bildirib ki, bununla ölkəsi Latın Amerikası dövlətləri arasında bir ilkə imza atmış olacaq.
Alyansın saytının Kolumbiya bölməsində bildirilir ki, NATO bu ölkə ilə dənizdə təhlükəsizlik, hərbi təhsil və kadrların hazırlanması sahəsində 2013-cü ildən bəri əməkdaşlıq edir. 2016-cı ilin dekabrından başlayaraq isə NATO və Kolumbiya prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, fərdi tərəfdaşlıq proqramının hazırlanması sahəsində danışıqlara başlayıblar. Danışıqlar ötən ilin mayında uğurla başa çatıb.
Xatırladaq ki, 2016-cı ilin sentyabrında Kolumbiya hökuməti sol yönümlü FARC üsyançı qruplaşması ilə atəşkəs sazişi imzalayıb. Bununla da 1964-cü ildən ölkədə davam edən vətəndaş müharibəsinə son qoyulub. Bu müharibə Qərb yarımkürəsində davam edən ən uzunmüddətli müharibə sayılır. Hərbi əməliyyatlar nəticəsində 260 min nəfər həlak olub, 6 milyon kolumbiyalı isə ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.
Sazişə imza atdığına görə 2016-cı ildə Kolumbiya prezidenti Xuan Manuel Santos Nobel Sülh Mükafatına layiq görülüb.