Putin: "Ərdoğana təzyiqlər onu daha da güclü edir"
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı təzyiqlər onu daha da gücləndirir və əks-addımlar atmağa vadar edir". APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı kütləvi informasiya vasitələri rəhbərləri ilə görüşdə deyib.
Rusiya prezidenti bu ölkədən C-400 raket hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəyə təzyiqlərin başlamasını tənqid edib.
"NATO-nun üzvü olan Türkiyə bizdən C-400 sistemi almağa üstünlük verib. Əsas niyyət daha inkişaf etmiş hərbi texnologiyalar əldə etməkdir, buna görə müstəqil dövlət niyə ittiham olunmalıdır ki?"
Türkiyəyə F-35 qırıcı-bombardmançı təyyarələrin satışına qadağa qoyulmasına dair Vaşinqtondan səslənən çağırışları dəyərləndirən Putin deyib ki, Ankara qərarları öz milli maraqlarını nəzərə alaraq müstəqil şəkildə qəbul edir. "Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün daha müasir sistemlər alır, bunu ölkəyə kim qadağan edə bilər? Belə yanaşma yolverilməzdir. Ərdoğana qarşı təzyiqlərin heç bir perspektivi yoxdur, lakin bu təzyiqlər əks-effekt də verə bilər. Bu təzyiqlər Ərdoğanı daha da güclü edir".
Xatırladaq ki, C-400 sistemlərinin ilk partiyası Türkiyəyə gələn ilin iyulunda gətiriləcək.