Hər gün 14 kilometr yol qət edərək dərsə gedənlər: "BİZƏ MƏKTƏB TİKİN"
Qubanın Yalavanc kəndi rayon mərkəzindən 70 kilometr aralıda yerləşir. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Bu məktəbdə təhsil alan uşaqlar ibtidai sinfi bitirdikdən sonra təhsillərini Şabran və yaxud Qubanın digər məktəblərində davam etdirməli olurlar. Bunun üçün uşaqlar hər gün 14 kilometr məsafə qət etməli, ya da təhsil dövründə köçüb həmin ərazilərdə yaşamalıdırlar. Problemin həlli üçün sakinlər kənddə məktəb binasının tikilməsini, bu mümkün olmadığı təqdirdə şagirdlərin daşınması üçün nəqliyyat vasitəsinin ayrılmasını təklif edir.
Kənd sakinləri deyir ki, məktəbin tikilməsi kənddən köçün olmaması üçün vacibdir: "Burada məktəb tikilməlidir və uşaqlarımız və rahat şəkildə burada təhsil almalıdırlar. Əlaqədar təşkilatlardan xahiş edirik ki, burada bir məktəb tiksinlər. Nə suyumuz var, nə yolumuz var, nə qazımız var. Bu işıq dirəklərindən başqa heç nəyimiz yoxdur. Mənim 70 yaşım var, uşaqlarım savadsız, mən savadsız, nəvələr gəlir, onlar da savadsız. Biz hansı üzlə onların üzünə baxacağıq".
Kənd sakini İldırım Məmmədov isə şagirdləri digər məktəblərə aparmaq üçün nəqliyyat vasitəsi ayrılmasını təklif edir: "Bunun ən ucuz variantı nəqliyyat vasitəsidir. Uşaqları Şabrana aparıb gətirmək üçün nəqliyyat vasitəsi ayrılmalıdır. Bu nəqliyyat vasitələrdən istifadə etməklə problemi həll etmək olar. 20-25 nəfər üçün məktəb tikmək mümkün olan şey deyil. Təzə mobul tipli məktəb tikmək olar. Heç kim demir etməyəcəyik, hamı söz verir ki, tikəcəyik. Nəsillər dəyişir, insanlar elə bilir ki, məktəbsiz də yaşamaq olar. Amma məktəbsiz yaşamaq olmur axı".
Hazırda Yalavanc ibtidai kənd məktəbində 25 nəfər təhsil alır və onların təlim-tərbiyəsi ilə 2 pedaqoq məşğul olur. Quba rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Nurməmmədov isə şagirdlərə təhsillərini digər məktəblərdə davam etdirmək üçün köməklik etdiklərini deyib: "Şagirdlərin daşınması üçün nəqliyyat nəzərdə tutulmayıb. Gələcəkdə bununla bağlı aidiyyatı qurumların hansı qərar qəbul edəcəkləri barədə məlumatsızıq. Uşaqlara təhsillərini digər məktəblərdə davam etdirməsi üçün köməklik göstəririk".
Qeyd edək ki, problemin həlli üçün Quba rayon İcra Hakimiyyətinin rəsmiləri də ərazidə olublar.