Rauf Məhərrəmov: "Ədliyyə orqanlarında iş üçün müraciətlər ötən ilə nisbətən artıb"

Dövlət İmtahan Mərkəzi ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 650 nəfərin namizədliyi qeydə alınıb. Sayca 15-ci müsabiqə olan imtahan səhər saat 10:00-da Bakı İdman Sarayında baş tutub.

Ədliyyə Nazirliyinin kadrlar idarəsinin rəisi, ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə komissiyasının sədr müavini Rauf Məhərrəmov bildirib ki, keçən il test imtahanında iştirak edənlərin təxminən 47 faizi uğur qazanıb, 94 nəfər ədliyyə orqanlarına işə qəbul olunub.

Sədr müavini bildirib ki, müsabiqədə iştirak edən qadınların sayında da artım müşahidə olunur. Keçən il 35 nəfərdən çox qadın uğur qazanıb və ədliyyə orqanlarında fəaliyyət göstərir. O, ümumilikdə son illər 2500-ə yaxın peşəkar yeni nəsil kadrların ədliyyə orqanlarında işə başladığını bildirib.  Hazırda müsabiqədə iştirak edən namizədlər üçün vakant vəzifələr əsasən yeni yaradılmış probasiya, icra və qeydiyyat sahələrinə, regional ədliyyə idarələrinədir.   

"Burada iştirak barədə müraciətlər əvvəlki illərlə müqayisədə kifayət qədər artıb. Eyni zamanda biz namizədlərə kifayət qədər asan imkanlar yaratmaq məqsədi ilə  elektron xidmətdən də istifadə etmişik. Onların namizəd kimi qeydiyyatı artıq elektron qaydada həyata keçirilir. Bu gün burada iştirak edən namizədlərin təxminən 98 faizi bu xidmətdən yararlanaraq müraciət ediblər".

Rauf Məhərrəmov qeyd edib ki, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunacaq.  Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyənləşdirilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

"Test 100 sualdan ibarətdir. Onların 80 sual sırf hüquqi biliklərlə bağlıdır, 20 sual isə ümumi dünyagörüşü və məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamaq üçün olan suallardır. Uğur qazanan namizədlər sonda Ədliyyə Akademiyasında uzun müddətli icbari təlim kurslarına cəlb olunurlar,  uğurla bitirənlər artıq, ədliyyə orqanlarına qulluğa qəbul edilirlər".

Qeyd edək ki, imtahan üç saat davam edir, namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyənləşdirən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Müəllif | Apa.Tv
Almaz Qasımova