"Facebook"da tanış olduğu qadını şantaj edərək 4000 dollarını aldı
Sosial şəbəkələrdə qadınların etimadını qazanan və daha sonra onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib. İdarədə araşdırma aparılan həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib.
Nizami RPİ-nin müstəntiqi Nicat Naibovun sözlərinə görə, adı çəkilən şəxs istintaqdan daim yayınıb: "Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da, yayınıb. Buna görə də barəsində axtarış elan edilib. Nizami rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən Aslan Əzizov mayın 22-də saxlanılıb istintaqa təqdim olunub”.
Aslan Əzizov ifadəsi zamanı 2017-ci ilin oktyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib.
Qeyd edək ki, istintaq zamanı saxlanılan şəxsin mobil telefonuna baxış keçirilən zaman onun sosial şəbəkələrdə tanış olduğu başqa qadınları da hədələyərək onlardan pul tələb etdiyi məlum olub.
Müstəntiq saxlanan şəxsin digər qadınları da şantaj etdiyini deyir: “Həmin şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami rayon Polis İdarəsinə müraciət edə bilərlər”.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.