İmişli dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

İmişli dəmir yolu qovşağının  ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

 

APA TV-nin məlumatına görə, təlimin  keçirilməsində əsas məqsəd fövqəladə hal baş verdikdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması üçün mülki müdafiə dəstələrinin şəxsi heyətinə praktik vərdişlərin aşılanmasıdır.

 

Təlim zamanı komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimə qovşağın Fövqəladə Hallar Komissiyasının üzvləri, obyekt rəhbərləri və mülki müdafiə qüvvələri cəlb edilib.

 

İmişli qovşağının ərazisində keçirilən kompleks təlimi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq mülki müdafiə rəhbərinin yanında toplanıblar. Qovşaq rəhbəri, stansiyasının rəisi Süleyman Nəsirov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində bir yük vaqonu aşıb, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan sərnişin vaqonunda yanğın baş verib, stansiyanın bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.

 

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təlim rəhbərinin verdiyi tapşırıqları yüksək peşəkarlıqla həyata keçirən İmişli Mühafizə komandası ərazini dərhal çəpərləyib, kəşfiyyat manqaları kəşfiyyat aparıb nəticələri barədə mülki müdafiə rəhbərinə məruzə edib, müvəqqəti rabitə bərpa edilib. Yüksək hazırlıqlı Yanğından mühafizə qatarı yanğın ocaqlarını söndürüb, xilasetmə manqaları yaralılara ilkin tibbi yardım göstərib və ərazidən kənarlaşdırıb. Bərpa manqalar bərpa işlərinə başlayıb.

 

Təlimdən sonra keçirilən müşavirədə Fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyev çıxış edərək stansiyada mülki müdafiə  qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı