Övladlarımıza cəsarət hissini necə aşılamalı? - PSİXOLOQ MƏSLƏHƏTİ

Dahilərdən biri deyib ki, dünyada təqlid edilməsi mümkün olmayan tək şey cəsarətdir. 


APA TV-nin məlumatına görə, bəzilərinin fikrincə, cəsarət hissi çox olanda axmaqlığa, az olanda isə qorxaqlığa  gətirib çıxarır. Kimisi üçün cəsarət  anadangəlmə, kimisi üçün də sonradan qazanılan xüsusiyyətdir. Cəsarət anlayışı  kimisi üçün təhlükəli risklər, kimisi üçün kəsərli nitq, kimisi üçün də çəkinmədən və israrla  haqlı olduğunu müdafiə  etməkdir.  Bəs görəsən  insanın həyatını şərtləndirən, onu şəxsiyyət kimi  formalaşdıran bu xüsusiyyəti övladlarımıza aşılaya bilirikmi?

Psixoloqlar deyir ki, cəsarətsiz uşaqlar yeniliklərə meyl göstərmir, utancaq və kompleksli olurlar. Uşaqların bu kimi  əlamətlərini isə sinif yoldaşları, müəllimləri daha tez anlaya bilir. Valideynlərin yanında  isə uşaqlar adətən daha rahat olduqlarından onlar övladlarında bu cəsarətsizliyi hiss etmir.

Psixoloq Aidə Nəbiyevanın  fikrincə  cəsarət hissi atadangəlmədir və  uşaqlarda erkən yaşlarda formalaşdırılmalıdır. Bu mövzuda ən böyük məsuliyyət  də  məhz valideynlərin üzərinə düşür.

Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, cəsarət hissinin formalaşmasında ən önəmli  cəhətlərdən biri tərifidir: "Cəsarət hislərinin formalaşmasında ən mühüm cəhətlərdən biri də uşaqlarınızın hər hansı bir addımı atdıqdan sonra təriflənməsidir. Bu möhkəmləndirilmə mərhələsidir. Əgər uşaqlarınız bir heyvanla kontakt qurmurdusa, sonradan ona doğru gedirsə, onu tərifləmək, "afərin sənə", "çox yaxşı ki, bunu elədin" kimi dəstəkləyici fikirlərdən istifadə etmək olar".

Bəs şəhər sakinləri necə düşünür? Onlar övladlarında cəsarət hissini hansı yollarla formalaşdırırlar?

Şəxsiyyət  biososial varlıqdır. Hər bir fərdin  şəxsiyyət kimi  formalaşması ailədən başlayır. Məhz buna görə də  valideyn ilə övlad arasındakı münasibətlər qarşılıqlı möhkəm inam üzərində qurulmalıdır: "Ən çox tənqid edildikdə cəsarət hisləri azalır, uşağınıza inanmadıqda, uşağınızı başqaları ilə müqayisə elədikdə, bir də ən önəmlisi tərifi az elədikdə. Yadınızda saxlayın, əgər bir şəxsiyyətə, bir insana, bir uşağa valideynləri inanmırsa, ona bütöv bir cəmiyyətin inanmağı mümkün deyil".

Sonda  isə  1989-cu ildə çəkilmiş "Ölü şairlər cəmiyyəti"  adlı məşhur  filmdən  bir nüansı diqqətə çatdırmaq istəyirəm. Filmdə ailələri tərəfindən qadağalara məruz qalan  məktəblilər və onların həyatını dəyişdirməyə çalışan ədəbiyyat müəllimindən bəhs edilir.  Hadisələr elə cərəyan edir ki, müəllim haqsızlıqla üzləşir.  Müəllimlərinin işdən ədalətsiz şəkildə çıxarılmasına  ilk etiraz edən  isə  film boyunca ən cəsarətsiz, çəkingən, düşüncələrini söyləməkdə utancaq olan şagirdlərdən biri  olur.

Uşaqlar  gözəl həyat,  inkişaf və yenilik deməkdir. Uşaqlar  gələcəkdir.  Əziz valideynlər, çalışaq ki, uşaqlarımıza  düzgün məqamda, düzgün  formada  cəsarətli addım atmağı  aşılaya bilək.

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu