Odun dolu "KamAZ" aşdı, iki nəfər faciəli şəkildə öldü - HADİSƏ YERİNDƏN

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Qərb bürosunun məlumatına görə, odun daşıyan  "KamAZ" markalı yük avtomobili rayonun Dozular kəndindən Mollacəlilli kəndinə gedən çöllük yolda sürüşərək dərəyə aşıb.

Nəticədə 2 nəfər Gəncə sakini ölüb. 32 yaşlı Rəşad Bədəlov hadisə yerində, 35 yaşlı Eldar Fərzəliyevə isə xəstəxanaya aparılarkən yolda keçinib.

İlkin məlumata görə, ölən hər iki şəxs hadisə zamanı avtomobilin yük yerində odunların üzərində olub. Buna görə də maşın aşarkən onlar iri odun parçaları arasında qalaraq ölümcül xəsarətlər alıb.

Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini 45 yaşlı Əhəd Zeynalov isə yüngül xəsarətlə xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli