Cənubi və Şimali Koreya liderləri ikinci dəfə görüşdülər - SÜRPRİZ KOREYA SAMMİTİ
ABŞ və Şimali Koreya rəhbərləri arasında görüşlə bağlı gərginlik davam edərkən sürpriz bir görüş baş tutub. Cənubi və Şimali Koreyanın liderləri sərhəd bölgəsində ikinci dəfə görüşüblər. Bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Cənubi Koreya prezidenti Mun Çje İn ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş sərhəddəki Panmunjom kəndində baş tutub. Tərəflər ABŞ və Şimali Koreya rəhbərlərinin görüşünə hazırlıq prosesini müzakirə ediblər.
Görüş iki saatdan çox çəkib. Danışıqların detalları haqqında sabah ortaq məlumatın yayılacağı bildirilir.
Xatırladaq ki, iyunun 12-də ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş planlaşdırılır. ABŞ prezidenti iki gün əvvəl görüşdən imtina etsə də, bu gün fikrini dəyişərək Şimali Koreya lideri ilə görüşdə iştirak edəcəyini bildirib.