Sərxoş həkim: "İçməmişəm, pivə ilə ağzımı yaxalamışam" - ASTARADA REYD
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində qaydaları pozan sürücülərə qarşı reyd keçirib. Reyd zamanı 50-yə yaxın sürücü saxlanılıb.
"Mənim deyil, əmim oğlunun maşınıdır, kateqoriyası var. Sadəcə mən bir günlük götürmüşəm, sürücülük vəsiqəm də var. Həmişə əmim oğlu sürürdü, işə görə bir günlük mən sürmüşəm".
Digər sürücü isə yaş həddinə görə saxlanılıb.
"Sizi nə üçün saxlayıblar?
"Yaş hədimə görə".
"Saxlayıb nə dedilər sizə?"
"Bir də maşın sürməyim".
Reyd zamanı maşını sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər də aşkarlanıb.
"Sürücülük vəsiqəm evdə qalıb".
"Ümumiyyətlə sürücülük vəsiqəniz var?"
"Yox! Oxuyuram da".
Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin "Saxla" əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücüyə də rast gəlinib.
"Sizi nə üçün saxlayıblar?"
"Bilmirəm nə üçün saxlayıblar!"
"Həkim də içkili halda maşına oturar?"
"Yox mən içkili halda oturmamışam ki!"
Arif Novruzov əvvəlcə sərxoş olmadığını bildirsə də, müayinə tam əksini göstərib.
"Bəs deyirdiniz spirtli içki qəbul eləməmişəm?"
"Boğazım quruyub, bax, boğazım yenə də quruyub. Ağzımı yaxaladım".
"Susuzluğu pivə ilə yatırdırsınız? Nə edim içdim də bir qurtum".
Reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb. 20-yə yaxın avtomobilin sürücüsünə qarşı müvafiq qaydada tədbir görülüb.
Astara rayon Polis Şöbəsinin DYP-nin rəisi İlqar Rəhimzadə reydlərin davam edəcəyini bildirib:
"Əsasən sərxoş, sürücülük vəsiqəsi olmadan idarəetmə, artıq sərnişin daşıma kimi kobud qayda pozuntuları tərəfimizdən aşkar edilib".
Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.