İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı - SELİN FƏSADLARI

Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb. Yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içərisindəki əşyalar yağış suyunun altında qalıb.

Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı dayanıb. Hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa etmək mümkün olmur.

Bundan əlavə, ötən gecə çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəfildən gələn güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban, “QAZ-66” markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon fövqəladə hallar komissiyasi və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazi nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib, hazırda insanların və mal-qaranın xilasedilməsi işləri aparılır. Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv