Lənkəranın gündüz çıraqla axtarılan çiyələyi - REPORTAJ

Cənub bölgəsində son dövrlər çiyələk əkininə maraq xeyli artıb, səbəb isə bu sahənin fermerlərə kifayət qədər gəlir verməsidir. İndi bölgədə demək olar ki, bütün kəndlərdə çiyələk əkib becərilir. Amma Lənkəranda bir kənd var ki, buranın çiyələyi həm adına, həm də dadına görə hər yerə səs salıb. Söhbət məşhur Darquba çiyələyindən gedir.

 

Lənkəranın Darquba kəndində becərilən çiyələk istər adı, istərsə də dadı ilə çox məşhurdur. Bu çiyələyi bir müddət sonra tapmaq mümkün olmur. Səbəb sahələrdə az miqdarda yetişməsi və alıcılıq qabiliyyətinin çox olmasıdır. Bu il çiyələk becərən fermerlər əsasən məhsuldar olan yerli sortlara üstünlük veriblər. 


Fermer Saleh Burcuyev deyir ki, çiyələyi dərmək müddəti may ayında başlayır: "20-25 gün ərzində olur, həmişə də qiymətli olur. Heç vaxt da qiymətdən düşən deyil. Ona görə də bizim çiyələk Lənkəranda adladı – Darquba çiyələyi. Əkdiyimizə dəyir".


Fermer Elmira Şükürova məhsuldarlıqdan razıdır: "Yaxşı məhsulumuz olur, özümüzə görə əkirik, becəririk, satırıq. Gün ərzində 30-40 kq, elə gün olur lap 50-60 kq bax belə. Allaha şükür var, nə qədər quraqlıq olsa da, məhsulumuz bol olur".


Fermerlər ilk dərməyə may ayının birinci həftəsində başlayıblar. Hava şəraiti əlverişli keçərsə, həftədə 3 dəfə olmaqla 60-70 kq məhsul toplamağı hədəfə alıblar. Çiyələyin 1 kiloqramı məhsulun irili-xırdalığına görə 1 manat 50 qəpik - 2 manat arası dəyişir. Toplanan məhsul əsasən yerli bazarlarda satışa çıxarılır. Bir illik edilən qulluq nəticəsində yalnız 20-25 gün məhsul yığa bilən fermer Elmira Şükürova Darquba çiyələyinin alıcı sarıdan da korluq çəkmədiyini deyir: "Həyətdən də alırlar, bazarda da bizim çiyələk adladır. Başqa yerdən gələn sort deyil, yerli Darquba çiyələyidir. Bu özəlliklərinə görə bu, qiymətdən aşağı düşmür. Çox az halda ola bilər ki, düşsün".


Saleh Burcuyevin sözlərinə görə, bu sort asanlıqla çoxalır: "Dərib qurtarandan sonra bunu suya tuturuq ki, bu özü orda artır. Şitil də göyərir. Payız ayı olur, yağış düşəndən sonra başlayırıq bunu səliqəyə salmağa. Deməli, analıqlardan onun balalarını ayırırıq, ayrı əkirik".


Çiyələk yığımı iyun ayının əvvəlinə kimi davam edəcək. Fermerlər çiyələk alarkən Darquba çiyələyini tanımaq üçün xarici görünüşünə diqqət  verməyi tövsiyə edirlər. Darquba çiyələyi orta ölçüdə, tünd qırmızı rəngdə və gözəl təbii ətirlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv