Türkiyəli filosof Bakıda Mövlanə fəlsəfəsi haqqında seminar keçirib
Bakıda Türkiyənin tanınmış filosofu Hakan Mengüçün seminarı keçirilib.
Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) tərəfindən paytaxtımıza dəvət olunan filosofun seminarı Nizami Kino Mərkəzində baş tutub.
“Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi” adlı seminar iki saat davam edib. Gecədə təşkilatçı Tənzilə Rüstəmxanlı, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, iş adamı Məlahət Qurbanova, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
Seminar öncəsi jurnalistlərin suallarını cavablandıran Hakan Mengüç Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycanı təbrik edib: "Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyini təbrik edirəm. İnanılmaz bir maraq var. Bizim gəlişimizi eşidəndən bəri hər kəs xoş mesajlar atmağa başladı. Azərbaycanın sevgisi həqiqətən də çox möhtəşəmdir. Gəldiyimizdən bəri bizi hər yerə dəvət edirlər. "Gəlin bizdə yemək yeyin, çay için" deyə. Çox xoşbəxt hiss edirik özümüzü".
Azərbaycanda onun fəlsəfi fikirlərinə qarşı böyük maraq olduğunu vurğulayan filosof oktyabr ayında yenidən Bakıya gələcəyini bildirib: "Oktyabrda təkrar gələcəyik. Çünki bir çox insan gələ bilmədi bu dəfə. Bu dəfə iştirak edə bilməyənlər üçün təkrar seminar keçirəcəyik. O zaman kitab imza günümüz də olacaq. Daha gözəl olacağına inanıram".
Maraqla qarşılanan seminarda Hakan Mengüc Mövlanə fəlsəfəsindən söz açmaqla yanaşı, ney alətində məharətini də göstərib.
Pozitiv keçən seminarın sonunda filosof sevənləri ilə xatirə şəkli çəkdirib.