Xəzər dənizində süvari və gəmi yürüşləri təşkil olunub

Dövlət Sərhəd Xidməti Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədində, həmçinin Xəzər dənizinin sərhəd sularında süvari və gəmi yürüşləri təşkil edib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, yürüşlər Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunub.

 

Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olduqlarını bildiriblər.

 

Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvər­liyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olub.

Müəllif | Apa.Tv
Apa.tv