Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

 

APA TV xəbər verir ki, dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etdiyinə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirib.

 

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına son səfərini məmnunluqla xatırlayıb.

 

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.

 

Baronessa Emma Nikolson Bakıda keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəminə toxunaraq bu tədbirlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin rəmzi xarakter daşıdığını vurğulayıb. Baronessa Emma Nikolson bu tədbirləri əlamətdar hadisələr kimi dəyərləndirərək, bu münasibətlə dövlət başçısına təbriklərini çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv