13 inək qəfildən öldü, sahibi zəhərləndi - ŞAMAXIDA NONSENS
Şamaxı rayonunda mal-qara arasında kütləvi tələfat baş verib. Rayonun Çöl Göylər kənd sakini Əbilcan Nəbi oğlu İsmayılova məxsus 13 baş iri buynuzlu heyvan naməlum səbəbdən tələf olub.
O, APA TV-nın yerli bürosuna bildirib ki, oğlu Arif İsmayılov mal-qaranı bitlərdən təmizləmək üçün baytarlıq aptekindən aldığı dərman vasitəsilə onları çimizdirib. Dərman vurulduqdan sonra heyvanların halı qəflətən pisləşib. Kəndin baytar həkimi hadisə yerinə gələnədək inəklər ölüb. Ev sahibi həmişə bitə qarşı dezinfeksiya məqsədilə eyni dərmandan istifadə etdiyini və belə bir hadisə ilə heç vaxt rastlaşmadığını bildirib. Heyvanları xilas etməyə çalışan ev sahibi Balaxanım İsmayılova zəhərləndiyi üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mal-qaranın hansı səbəbdən tələf olduğu hələ ki, dəqiq məlum deyil. Araşdırma aparılır.