Miqrant Fransa qəhrəmanına çevrildi - MAKRON TƏŞƏKKÜR ETDİ

Malidən olan bir miqrant Fransada milli qəhrəman elan edilib. APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, 22 yaşlı Mamud Qassamın paytaxt Parisdə hündürmərtəbəli bir binanın eyvanından sallanan 4 yaşlı uşağı binaya dırmaşaraq xilas etməsi ətrafdakılar tərəfindən telefonla çəkilib və internetdə sürətlə yayılaraq populyarlıq qazanıb.

Ətrafda xeyli insan olmasına baxmayaraq, Afrikadan gələn bir miqrantın belə bir cəldliyi və qoçaqlığı bütün fransızların diqqətini cəlb edib. M.Qassam uşağı xilas etmək üçün ancaq atletlərin edə biləcəyi bir fərasəti nümayiş etdirib və özünü təhlükəyə ataraq eyvanlardan tutmaqla binanın fasadı ilə 5-ci mərtəbəyə qədər qalxıb. Yerli mətbuat və sosial şəbəkə istifadəçiləri onu "Hörümçək adam" adlandırıb.

Bundan sonra Fransa prezidenti Emmanuel Makron da Yelisey sarayında M.Qassamla görüşüb və ona Fransa vətəndaşlığının veriləcəyinə dair vəd verib. Eyni zamanda, 22 yaşlı miqranta cəsarət medalı təqdim ediləcək və Parisdə yanğından mühafizə xidmətində işlə təmin olunacaq.

Polisin məlumatına görə, 4 yaşlı uşağın valideynləri hadisə zamanı evdə deyilmiş. Uşağın anası şəhərdən kənarda olub, atası isə səhlənkarlıqla onu evdə tək qoyub. O da qeyd olunur ki, M.Qassam ötən il iş axtarmaq üçün rezin qayıqlarla okeanı keçərək Fransaya gələn afrikalı çoxsaylı miqrantlardan biridir.

Müəllif | Apa.Tv
Apa.tv