Neft həftəyə ucuzlaşmaqla başladı
Birləşmiş Ştatlarda hasilata cəlb olunan neft buruqlarının sayının artması, İrana qarşı sanksiyaların əks effekt verməyə başlaması "qara qızıl"ı ucuzlaşdırmaqda davam edir.
APA TV-nin məlumatına görə, ötən həftə 80,02 dollara satılmaqla illik rekordu yeniləyən "Brent" nefti birjaların açılış seanslarında yenidən ucuzlaşıb. İlk seansda 74,82 dollara satılan neft sonradan dəyər qazanmağa başlayıb. Hazırda "Brent" neftinin bir bareli 75,59 dollardır, bu, həftə sonu qeydə alınan son qiymətdən ucuz, bu həftənin ilk seanslarındakı qiymətdən isə bahadır.
Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. İlk seansda 65,93 dollara satılan WTI markasının qiyməti səhər keçirilən ticarət sessiyalarında 66,86 dollara çatıb. İki marka arasında qiymət fərqi yenə də 8 dollardan artıqdır ki, bu da qiymətlərin siyasi səbəblərdən formalaşdığını göstərir.
Bu gün aparıcı kütləvi informasiya vasitələri neft analitikləri arasında keçirilən sorğunun nəticələrini açıqlayacaq. Bu sorğu birjanın ilk günü qiymətlərin formalaşmasına təsir göstərən əsas amil sayılır. Sorğuda iştirak edən analitiklər ABŞ-ın neft ehtiyatlarının həcminə dair proqnozlarını açıqlayır. Ötən həftə ölkədə hasilata cəlb olunan buruqların sayının gözlənilməz dərəcədə artması ABŞ-ın neft ehtiyatlarının artacağını göstərir. Əgər bu proqnoz təsdiqlənərsə, həftə ərzində neftin daha da ucuzlaşacağını gözləmək olar.