Bakı Kristal Zalında AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilib
Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.
APA TV-nin məlumatına görə, konsertdə prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri iştirak edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də AXC-nin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.
Hər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalındakı çıxışlar dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha təzahür etdirib.
Konsertdə qeyd olunub ki, 100 il bundan əvvəl, 1918-ci ilin bu günü Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət olmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, bu gün də tarixi, nailiyyətləri, qüdrəti ilə gücünü dünyaya nümayiş etdirə bilib. Konsert proqramındakı musiqi nömrələri, rəqslər Azərbaycanın tarixinə bir daha nəzər salmağa imkan yaradıb.
Bakı Media Mərkəzi tərəfindən AXC-nin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olunub. AXC-nin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olunub.
Sonda konsert proqramında çıxış edən incəsənət ustaları birlikdə səhnəyə çıxaraq Azərbaycanın Dövlət himnini oxuyublar.
Bakı Kristal Zalındakı konsert proqramı canlı olaraq Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda da yayımlanıb.
Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.