Səudiyyə Yəmənə desant çıxarmağa hazırlaşır - HUSİLƏR MÜHASİRƏDƏ
Səudiyyə Ərəbistanının başçılığı altındakı koalisiyaya aid donanma Yəməndə husilərin nəzarəti altında olan limanı blokadaya alıb.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, koalisiyanın dəniz qüvvələri komandanlığından verilən açıqlamaya görə husilərə məxsus Hodeydah limanı blokadaya alınıb və husilərin dənizlə əlaqəsi kəsilib.
Gələcək əməliyyatlar üçün hazırlıqların davam etdiyini bildirən polkovnik Turki əl-Maliki bu addımın müharibənin yenidən başlanması üçün qığılcım olduğunu qeyd edib. Hələlik donanma Hodeydah limanından 18 km aralı məsafədə lövbər salıb və limana edilən giriş-çıxışa nəzarət edir.
Səudiyyə Ərəbistanı artıq hərbi qüvvələrini desant çıxarılması məqsədilə limanlara toplamağa başlayıb. Limana hücum edilib-edilməyəcəyi barədə isə heç bir açıqlama verilmir.
Qeyd edək ki, Hodeydah əyaləti Yəmən əhalisinin ən çox məskunlaşdığı 2-ci əyalətdir və son 3 ildir husilərin nəzarətindədir.