Prezident İlham Əliyev: “Şahdağ” kurortunun yaradılması Azərbaycanda turizmin inkişafına xidmət göstərir"

Prezident İlham Əliyev: "Artıq Azərbaycanda ən yüksək standartlara cavab verən bir yer var” 

 

"Biz Azərbaycanda ilk dəfə olaraq, dağ xizəyi kurortunun yaradılmasına nail ola bilmişik. “Şahdağ” kurortunun yaradılması Azərbaycanda turizmin inkişafına xidmət göstərir. Eyni zamanda, ölkəmizin imkanlarını göstərir". APA TV-nin xəbərinə görə, bunu prezident İlham Əliyev Qusarda “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.  

 

“Şahdağ” layihəsi ölkənin turizm sektoruna qoyulan ən böyük sərmayə olduğunu deyən İlham Əliyev bildirib ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında Şahdağ artıq öz layiqli yerini tutub. Bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan verib. Orada da artıq kurort hazırdır və xizək idman növündən istifadə etmək mümkün olacaq.

 

Dövlət başçısı qeyd edib ki, bu kurortun yaradılmasının bir neçə məqsədi var: “Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır. Bu, Azərbaycan vətəndaşları üçün çox gözəl şərait yaradır. Çünki mən bilirəm ki, xizək idman növü Azərbaycanda populyarlaşır və vətəndaşlarımız xarici ölkələrə üz tuturlar. Artıq Azərbaycanda dünyanın ən yüksək standartlarına cavab verən gözəl bir yer var”.

 

2013-cü il Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirən prezident İlham Əliyev 2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələrin 2013-cü ildə davam etdiyini qeyd edib. “Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atıblar - komanda hesabında 15-ci yerə layiq görülüblər, 16 medal qazanıblar. Ümumiyyətlə ölkə idmançıları 780-dən çox medal qazanıblar ki, onlardan 280-i qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olub. Bu da çox böyük göstəricidir”.

 

İlham Əliyev bildirib ki, bölgələrdə beş mərkəz tikilməkdədir, daha beş mərkəzin tikintisi də nəzərdə tutulub. Bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatacaq. Bakıda böyük idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir.

 

Preizdent əlavə edib ki,  gələn il Avropa Oyunlarına hazırlıq üçün həlledici il olacaq. Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan yeganə ölkə olacaq ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv