Prezident ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, dövlət başçısı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin Cənub Qaz Dəhlizinin rəsmi açılışında və XXV Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etdiyinə görə minnətdarlığını bildirib.

 

Amerika Birləşmiş Ştatlarının bu tədbirlərdə belə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edən prezident İlham Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirib və ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini deyib. Dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini ölkələrimiz arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü bildirib və həmin məktubda əməkdaşlığımızın mühüm istiqamətlərindən olan enerji sahəsində əlaqələrin inkişafı barədə ifadə etdiyi fikirlərin münasibətlərimizin yüksək səviyyəsinin nümunəsi olduğunu vurğulayıb.

 

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə dəvətə görə minnətdarlığını bildirən ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

 

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olunub.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd