Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı - TİFLİSDƏN REAKSİYA

Suriya Gürcüstanın separatçı Abxaziya və  Cənubi Osetiya regionlarını müstəqil dövlət kimi tanıyıb.

 

APA TV-nin məlumatına görə, bu barədə separatçı respublikaların "Xarici İşlər nazirlikləri"ndən bildirilib.

 

Tərəflər beynəlxalq hüququn təməl prinsiplərinə və əməkdaşlıq istəyinə sadiq olduqlarını elan ediblər. Onlar səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıb.

 

Cənubi Osetiyanın "xarici işlər naziri" Dmitri Medoev Dəməşqin bu qərarını yüksək qiymətləndirərək bu istiqamətdə hazırlıq prosesinin bir neçə il davam etdiyini deyib. O əlavə edib ki, müxtəlif qitələrdə yeni tərəfdaş axtarmaq yönündə işlər daim davam edir.

 

Buna cavab olaraq Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsmək üçün müvafiq prosedura başlayıb. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.

 

Xatırladaq ki, Suriyadan öncə separatçı Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini Rusiya, Nikaraqua, Venesuela, Vanuatu və Nauru tərəfindən də tanınıb.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı