Azərbaycan prezidenti Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.
APA TV xəbər verir ki, dövlət başçısı Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirakına görə minnətdarlığını bildirib.
Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd edib və bu tədbirə dəvətə görə minnətdarlığını bildirib. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycanla Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb.
Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində ölkəmizin təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd edib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.