ABŞ: Türkiyə ilə Menbiç məsələsində razılığa gələ bilmədik
"Türkiyə ilə Menbiç məsələsində heç bir razılaşma yoxdur". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizert Nauert deyib.
O qeyd edib ki, Suriyanın Menbiç bölgəsinə birgə əməliyyatla bağlı Türkiyə tərəfi ilə keçirilən görüşlərdə heç bir nailiyyət əldə edilməyib: "Hələlik hökumətlərimiz arasında heç bir razılaşma yoxdur. ABŞ və Türkiyədən olan diplomatik heyətlərin Suriya məsələsi barədə cümə günü Ankarada görüş keçirdiyini bilirsiniz. Suriya və digər məsələlərdə narahatçılığımız hələ də davam edir. Lakin, hər iki tərəf gələcək iş birliyi ilə əlaqədar yol xəritəsinin sərhədlərini müəyyənləşdirdi. Menbiç məsələsi bura daxil deyil".
O deyib ki, razılaşmanın əldə olunmamasına baxmayaraq dövlət katibi Mayk Pompeo danışıqları davam etdirmək üçün Mövlud Çavuşoğlu ilə iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşü səbirsizliklə gözləyir.