Tramp: "Azərbaycan dünya enerji bazarına sabitlik gətirir"

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib.

APA TV-nin məlumatına görə, ABŞ prezidenti ilk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycanın indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkə olduğunu vurğulayıb. Azərbaycanın böyük neft yataqlarının dünya enerji bazarına sabitlik gətirdiyini, qaz hasilatının isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verdiyini bildirib.

 

Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatlarını davam etdirməyini dəstəklədiyini qeyd edən Donald Tramp ABŞ-ın, Azərbaycanın, eləcə də Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə ölkəmizlə əməkdaşlıq etmək əzmində olduğunu deyib.


 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı